jezahost

Xidmət Səviyyəsi Sazişi (SLA)

Son yenilənmə: 10.11.2026

Son yenilənmə: 10.11.2026 · Provayder: JEZA CLOUD MMC (VÖEN 1606154731)

Əhatə: cloud.jezahost.com: bulud serverləri (VPS / IaaS), e-poçt hostinqi, statik IP ünvanı

Bu sənəd xidmətin ölçülə bilən öhdəliklərini təsbit edir. Ödəniş, ləğv və istifadə şərtləri «İstifadə Şərtləri» sənədindədir; ziddiyyət olarsa bu sənəd yalnız xidmət səviyyəsi məsələlərində üstündür. Anlayışlar İstifadə Şərtləri §1-dədir.

1. Əhatə dairəsi

Daxildir:

  • virtual serverin (VM) işləkliyi, hipervizor və saxlama sisteminin əlçatanlığı
  • şəbəkə bağlantısının əlçatanlığı
  • idarəetmə panelinin (cloud.jezahost.com) əlçatanlığı
  • ehtiyat nüsxə xidməti, seçildikdə (əhatəsi §6-dadır)
  • e-poçt hostinqində poçt qutularına giriş (IMAP/SMTP/webmail) və qəbul edilən poçtun qəbulu

Daxil deyil:

  • VM-in içindəki əməliyyat sistemi, proqram təminatı, konfiqurasiya və data
  • müştərinin öz səhvi (yanlış firewall qaydası, disk dolması, səhv bərpa, parolun itirilməsi, resursun tükənməsi)
  • müştərinin xarici xidmətləri (domen, DNS provayderi, üçüncü tərəf API-lər)
  • planlı texniki işlər (bax §4)
  • fors-major hallar: təbii fəlakət, elektrik/kanal təchizatçısının qəzası, dövlət orqanlarının qərarı, geniş miqyaslı DDoS hücumu
  • İstifadə Şərtləri §8 üzrə dayandırılmış və ya ödənilmədiyi üçün dayandırılmış servis

Aşağıdakılar SLA öhdəliyi DEYİL (qəsdən):

NəNiyə
Şəbəkə portunun faktiki sürətiPort «1 Gbit/s-ə qədər»dir (İstifadə Şərtləri §6.3). Uplink paylaşılır; SLA bağlantının ƏLÇATANLIĞINI ölçür, sürətini yox.
DDoS qorunmasıXidmətə daxil deyil. Hücum zamanı ünvanın trafikinin müvəqqəti bloklanması kəsinti sayılmır (İstifadə Şərtləri §6.3).
Arxiv diskinin (SAS) sürətiArxiv təbəqəsi paylaşılan və qəsdən yavaş resursdur. Portalda göstərilən rəqəmlər təxminidir.
Arxiv diskinin nüsxələnməsiArxiv diski nüsxələnmir (§6.1, İstifadə Şərtləri §6.4).
Trafik həcmiSayğacla ölçülmür və avtomatik məhdudlaşdırılmır.
Poçtun üçüncü tərəf serverlərə çatdırılmasıQəbul edən tərəfin filtri, qara siyahılar və reputasiya sistemləri bizim nəzarətimizdən kənardır.
Müştərinin DNS qeydlərinin düzgünlüyüMX/SPF/DKIM/DMARC domen tərəfində müştərinin öhdəliyindədir (İstifadə Şərtləri §7.2).
Dəstəyə cavab müddətiHədəf vaxtdır, kompensasiyaya bağlı deyil (§5).

2. Əlçatanlıq öhdəliyi

Aylıq əlçatanlıq: 99,9%

Bu, təqvim ayında maksimum ~43 dəqiqə planlanmamış kəsinti deməkdir (30 günlük ay üçün; 31 günlük ayda ~45 dəqiqə, fevralda ~40 dəqiqə).

Ölçmə qaydaları:

  • ölçü vahidi hər servis ayrıdır (bir VM-in kəsintisi digərinə aid edilmir; e-poçt hostinqi ayrıca servis sayılır)
  • kəsinti müddəti bizim monitorinq sistemimizin qeydləri ilə müəyyən edilir; müştəri öz ölçmələrini təqdim edə bilər və uyğunsuzluq halında qeydlər birgə yoxlanılır
  • 5 dəqiqədən qısa fasilələr toplanmır
  • §1-də «daxil deyil» və «SLA öhdəliyi deyil» sayılan hallar kəsinti müddətinə əlavə olunmur

3. Kompensasiya

Öhdəlik pozulanda kompensasiya hesab balansına yazılır. Müştəri kompensasiyanın nağd ödənilməsini və ya bank hesabına qaytarılmasını tələb edə bilməz (İstifadə Şərtləri §5.3).

Aylıq faktiki əlçatanlıqKompensasiya (həmin servisin aylıq məbləğindən)
99,0% – 99,89%5%
95,0% – 98,99%15%
95,0%-dən aşağı30%

Qaydalar:

  • kompensasiya avtomatik verilmir: müştəri hadisədən sonra 15 gün ərzində dəstək müraciəti (ticket) açmalıdır
  • kompensasiyanın bazası servisin aylıq məbləğidir. İllik ödəniş edilmişsə baza illik məbləğin 12-yə bölünmüş hissəsidir, yəni bir aya düşən məbləğ; illik məbləğin özündən faiz hesablanmır
  • kampaniyalı servisdə baza faktiki ödənilən (endirimli) aylıq məbləğdir
  • hesablama ayda bir dəfə, həmin servisin aylıq faktiki əlçatanlığına görə aparılır; eyni ay üçün ikinci dəfə kompensasiya verilmir
  • bir ay üçün maksimum kompensasiya bu bazanın 30%-i
  • kompensasiya hesab balansına yazılır və İstifadə Şərtləri §3-dəki qaydada fakturaların ödənişinə sərf olunur
  • ödənişi gecikmiş və ya dayandırılmış servis üçün kompensasiya verilmir
  • daxil olan statik IP ödənişsiz olduğu üçün onun üzrə kompensasiya bazası yoxdur (İstifadə Şərtləri §6.2)

4. Planlı texniki işlər

  • planlı işlər, bir qayda olaraq, həftə sonu aparılır
  • ən azı 72 saat əvvəl e-poçt və/və ya panel bildirişi ilə xəbər verilir
  • planlı işlər müddəti əlçatanlıq hesabına daxil edilmir

4.1 Qısaldılmış xəbərdarlıq

72 saatlıq müddət aşağıdakı hallarda qısaldıla, zəruri hallarda isə xəbərdarlıq işin gedişində və ya ondan sonra verilə bilər:

  • təhlükəsizlik: kritik zəiflik, aktiv hücum, təcili yamaq
  • avadanlıq/infrastruktur riski: disk, yaddaş, qidalanma və ya soyutma qurğusunun sıradan çıxma təhlükəsi, məlumat itkisinin qarşısının alınması
  • yuxarı təchizatçı: data mərkəzin, kanal/tranzit provayderinin və ya avadanlıq istehsalçısının qısa müddətdə bildirdiyi işlər; belə hallarda biz özümüz də qabaqcadan xəbər tutmuruq
  • §1-də sadalanan fors-major hallar

Bu hallarda müştəri praktiki olaraq mümkün olan ən erkən vaxtda xəbərdar edilir, işin səbəbi isə sonradan izah edilir.

5. Dəstək

  • kanal: portal daxilindəki dəstək müraciətləri (ticket) və e-poçt [email protected]
  • dəstək saatları: hər gün, istirahət günləri daxil, 08:00–24:00 (Bakı vaxtı)
  • cavab müddəti: dəstək saatları ərzində daxil olan müraciətə 2 saat ərzində; dəstək saatlarından kənar daxil olan müraciətə növbəti gün saat 08:00-dan sonrakı 2 saat ərzində
  • monitorinq fasiləsiz işləyir; node sıradan çıxdıqda VM-lər insan müdaxiləsi olmadan başqa node-da avtomatik işə salınır

Cavab müddəti hədəf vaxtdır: §3-dəki kompensasiyaya bağlı deyil və onun keçməsi kompensasiya əsası sayılmır.

Kritik hadisələr (kütləvi kəsinti) barədə məlumat müştəri müraciətini gözləmədən paneldə və e-poçtla paylaşılır.

6. Ehtiyat nüsxələr və bərpa

Ehtiyat nüsxə ödənişli əlavə xidmətdir (İstifadə Şərtləri §6.5). Bu bölmə xidməti seçmiş servislərə aiddir.

ParametrDəyər
Nüsxə tezliyigündə ən azı 1 dəfə (avtomatik)
Paneldə bərpa üçünson 7 günün nüsxələri
Bərpamüştəri paneldən özü icra edir
Gündəlik bərpa limitiservis başına 3
Bərpanın təsiridisk məzmunu nüsxə tarixinə qayıdır

6.1 Ehtiyat nüsxə NƏYİ ƏHATƏ EDİR

Əhatə olunurƏhatə OLUNMUR
sistem diskiarxiv diski (SAS)
NVMe əlavə diskləri-

Arxiv diskindəki datanın nüsxəsi tamamilə müştərinin öhdəliyindədir. Bu, qiymət modelinin bir hissəsidir: arxiv təbəqəsi məhz nüsxələnmədiyi üçün ucuzdur.

Nüsxələnən həcm müştəri tərəfindən seçilmir; sistem diski və NVMe əlavə disklərinin cəmindən hesablanır.

6.2 Vacib şərtlər

  • Nüsxə tarixindən sonrakı bütün data itir və geri qaytarıla bilmir.
  • Bərpa nəticəsində disk həcmi nüsxədəki ölçüyə düşərsə, ödənilən həcm avtomatik geri qaytarılır; əlavə ödəniş alınmır. Fayl sistemini genişləndirmək müştərinin öhdəliyindədir.
  • Ehtiyat nüsxə xidməti müştərinin öz ehtiyat nüsxələrini əvəz etmir. Kritik data üçün müştəri müstəqil nüsxə saxlamalıdır.
  • Nüsxələr yalnız fəlakət bərpası üçündür; fərdi fayl çıxarışı zəmanət altında deyil.
  • Praktikada nüsxələr daha tez-tez alına bilər; sənəddə minimum öhdəlik göstərilir.
  • Texniki dövriyyə səbəbindən köhnə nüsxələr 7 gündən bir qədər uzun saxlanıla bilər; onlar bərpa üçün təqdim edilmir və ən geci 35 gün ərzində silinir (Məxfilik Siyasəti §8).

6.3 Poçt qutuları

Poçt qutularının məzmunu bizim öz infrastrukturumuzda saxlanılır. Xidmət aktiv ikən silinmiş qutu 30 gün bərpa üçün saxlanılır (İstifadə Şərtləri §7.5). Bu, VM ehtiyat nüsxə xidmətindən ayrı mexanizmdir və fərdi məktubun bərpasına zəmanət vermir.

6.4 Data mərkəzi fəlakəti üçün sığorta nüsxələri

Bütün virtual serverlərin sistem və NVMe disklərinin nüsxələrini əlavə olaraq əsas data mərkəzindən coğrafi cəhətdən ayrı, təhlükəsiz saxlama yerində saxlayırıq («sığorta nüsxələri»). Onlar yalnız əsas data mərkəzi tamamilə və ya uzun müddətə sıradan çıxdıqda (fəlakət) xidməti bərpa etmək üçündür.

ParametrDəyər
Məqsədyalnız data mərkəzi fəlakətindən sonra bərpa
Data itkisi hədəfi (RPO)12 saata qədər
Bərpa müddəti (RTO)zəmanət verilmir
Bərpanı kim ediryalnız provayder
  • Sığorta nüsxələri §6-dakı ödənişli ehtiyat nüsxə xidmətindən ayrıdır: paneldə görünmür, müştəri onları bərpa üçün seçə bilmir və onlardan fərdi bərpa tələb etmək hüququna malik deyil.
  • Sığorta nüsxələri ehtiyat nüsxə xidmətini almamış müştərilərin serverlərini də əhatə edir; bu, həmin müştərilərə §6-dakı hüquqları vermir.
  • RPO hədəfdir, zəmanət deyil. Fəlakət zamanı son 12 saatın, nüsxənin yaradılması və ya ötürülməsi uğursuz olduqda isə daha uzun dövrün datası itə bilər. RPO-ya əməl olunmaması §3 üzrə kompensasiya üçün əsas deyil.
  • Arxiv diski (SAS) sığorta nüsxələrinə də daxil deyil (§6.1).
  • Fəlakətdən sonra bərpa başqa avadanlıqda və başqa IP ünvanları ilə aparıla bilər.
  • Sığorta nüsxələri müştərinin öz ehtiyat nüsxələrini əvəz etmir.
  • Bu SLA və ya İstifadə Şərtləri nüsxələrin silinməsini (o cümlədən dərhal silinməsini) nəzərdə tutduqda, sığorta nüsxələri həmin hadisədən sonra ən geci 35 gün ərzində avtomatik silinir və bu müddətdə heç bir məqsədlə istifadə olunmur.

7. Resurslar və dəyişikliklər

  • Yüksəltmə (CPU, RAM, disk, əlavə disk, poçt yeri) istənilən vaxt mümkündür və ödənişdən sonra tətbiq olunur.
  • Disk kiçildilmir. Bu, texniki məhdudiyyətdir: fayl sisteminin korlanma riski var.
  • Əlavə diskin silinməsi cari ödəniş dövrünün sonunda qüvvəyə minir; müştəri ödədiyi müddəti sona qədər istifadə edir.
  • Arxiv diski NVMe diskinə çevrilmir; ayrıca NVMe diski əlavə edilir. Arxiv və NVMe tutum həddləri ayrıca hesablanır.
  • Poçt yerinin azaldılması alışdan sonrakı 48 saat ərzində dərhal, sonra isə növbəti dövrdən qüvvəyə minir (İstifadə Şərtləri §7.4).
  • Ödəniş dövrünün dəyişdirilməsi (aylıq ↔ illik) növbəti fakturadan qüvvəyə minir; ödənilmiş dövrə toxunulmur.
  • Statik IP ünvanları və port yönləndirmə qaydaları panel vasitəsilə idarə olunur; standart limit hər server üçün 50 qaydadır. Daha çox lazımdırsa, dəstəyə yazın. Ehtiyaca baxıb limiti artırırıq.
  • Statik ünvanın bizim tərəfimizdən dəyişdirilməsi (texniki zərurət yarandıqda) ən azı 14 gün əvvəl bildirişlə mümkündür (İstifadə Şərtləri §6.2); kompensasiya bazası yaratmır.

8. Ödəniş, dayandırma və ləğv

Müddətlər İstifadə Şərtləri §5-dədir; burada qısa xülasədir.

HadisəBulud serveri, statik IPE-poçt hostinqi
Fakturanın yaradılmasıayın 1-ieyni
Ödəniş müddətifaktura tarixindən 7 güneyni
Ödənilməyəndə dayandırmaödəniş müddəti bitdikdən sonragiriş bloklanır, qəbul davam edir
Ödənilməyəndə tam dondurma-dövrün başlanğıcından 30 gün sonra
Ödənilməyəndə ləğvödəniş müddəti bitdikdən 14 gün sonradövrün başlanğıcından 60 gün sonra
  • Dayandırılmış servisin datası ləğv anına qədər saxlanılır.
  • Müştəri istənilən vaxt ləğv edə bilər: dövrün sonunda ləğv (pul hərəkəti yoxdur) və ya dərhal ləğv: yalnız sifarişdən sonrakı 48 saat ərzində (istifadə olunmuş saatlar tutulur, başlanmış saat tam sayılır, qalıq hesab balansına yazılır). 48 saatdan sonra müştəri yalnız dövrün sonunda ləğv edə bilər və ödənilmiş dövr üçün vəsaitin qaytarılmasını tələb edə bilməz. Cari dövr ödənilməyibsə dərhal ləğvdə faktura ləğv olunur və borc yazılmır. Aylıq, illik dövr və poçt xidməti üçün qayda eynidir (İstifadə Şərtləri §5.1).
  • Ləğvdən sonra server 7 gün söndürülmüş halda saxlanılır: bu müddətdə ödəniş alınmır və bərpa mümkündür. Sonra VM, diskləri və nüsxələri silinir (ən geci 35 gün ərzində). E-poçt xidməti ləğv edildikdə poçt qutuları silinir (İstifadə Şərtləri §5.2).
  • Hesabda sonuncu bulud serveri ləğv edildikdə daxil olan statik IP dərhal geri alınır (İstifadə Şərtləri §6.2).
  • Balansın bank hesabına qaytarılmasını müştəri yalnız ilk alışda, ilk ödənişdən sonrakı 48 saat ərzində tələb edə bilər; sonra balans xidmətlərə sərf olunur; şərtlər İstifadə Şərtləri §5.3-dədir (minimum 5 AZN, 10 iş günü). Provayder xidməti öz təşəbbüsü ilə (müştərinin pozuntusu olmadan) ləğv edərsə, həmin xidmətin qalığı bank hesabına qaytarılır; müştərinin pozuntusuna görə ləğvdə müştəri qaytarma tələb edə bilməz.
  • Açıq faktura balansdan avtomatik ödənilmir: müştəri özü ödəyir; ödəniş müddətinin son günü yenilənmə fakturası açıqdırsa və balans onu tam örtürsə, məbləğ avtomatik çıxılır (İstifadə Şərtləri §3).
  • Vacib: Bank qaytarımı tələb olunarsa saxlama müddətləri tətbiq olunmur: server, bütün nüsxələr və poçt qutuları dərhal, birdəfəlik silinir (İstifadə Şərtləri §5.3.1).

9. Müştərinin öhdəlikləri

  • ödənişlərin vaxtında icrası
  • VM-in içindəki sistemin təhlükəsizliyi: yeniləmələr, parollar, firewall
  • öz kritik datasının müstəqil nüsxəsi: xüsusilə arxiv diskində (§6.1)
  • poçt domeninin DNS qeydlərinin (MX, SPF, DKIM, DMARC) düzgün qurulması
  • xidmətin qanunsuz və ya şəbəkəyə zərər verən məqsədlərlə istifadə edilməməsi (təfərrüat «İstifadə Şərtləri» §8-dədir)
  • əlaqə məlumatlarının aktual saxlanılması: planlı işlər və kritik bildirişlər həmin ünvana göndərilir

10. Məsuliyyətin məhdudlaşdırılması

Provayderin məsuliyyəti bu sənəddə göstərilən balans kompensasiyası ilə məhdudlaşır və İstifadə Şərtləri §13-dəki həddi (son 3 ay ərzində həmin xidmət üzrə ödənilmiş məbləğ) keçmir. Dolayı zərər (itirilmiş gəlir, iş dayanması, üçüncü tərəf tələbləri, data itkisi nəticəsində yaranan zərər) əhatə olunmur.

11. Sənədin dəyişdirilməsi

Bu sənəd yenilənə bilər. Öhdəlikləri azaldan dəyişikliklər ən azı 30 gün əvvəl e-poçtla bildirilir; müştəri razı deyilsə, həmin müddət ərzində servisini dövrün sonunda ləğv edə bilər. Sənəd yenilənəndə «Son yenilənmə» tarixi dəyişir.

12. Əlaqə