jezahost
  • netbox
  • ipam
  • automation
  • network

NetBox-u Excel kimi işlətməyin: biz onu bulud infrastrukturumuzun mərkəzinə necə çevirdik

NetBox bizdə sənəd deyil, qərar verən mərkəzdir: NetBox-da olmayan şey infrastrukturda da olmur. Necə qurduğumuzu və yolda öyrəndiklərimizi bölüşürük.

Sistem administratorusunuzsa, bu ssenari tanış gələ bilər: NetBox qurulur, ilk həftə IP-lər, VLAN-lar, serverlər həvəslə daxil edilir. Bir neçə ay sonra isə real şəbəkə bir yerdə, NetBox başqa yerdə yaşayır. Kimsə yeni IP verir, NetBox-a yazmağı unudur. Nəticədə NetBox bahalı Excel cədvəlinə çevrilir və ona heç kim etibar etmir.

JezaHost-da biz başqa yol seçdik: NetBox bizdə sənəd deyil, qərar verən mərkəzdir. Burada bunu necə qurduğumuzu və yolda nələri öyrəndiyimizi bölüşürük.

Əsas prinsip: əvvəl NetBox, sonra şəbəkə

Qayda sadədir: NetBox-da olmayan şey infrastrukturda da olmur. Yeni IP bloku, yeni VLAN, yeni müştəri: hamısı əvvəlcə NetBox-a düşür, sonra avtomatik olaraq real sistemə tətbiq olunur. Əl ilə «tez bir IP verim, sonra yazaram» yanaşması bizdə yoxdur, çünki «sonra» heç vaxt gəlmir.

NetBox-da nəyi saxlayırıq

  • IP ünvanları və bloklar: IPv4 və IPv6 aqreqatlar, prefikslər, hər ayrılmış ünvan.
  • VLAN-lar: hansı VLAN kimə məxsusdur, nə üçündür.
  • Tenant-lar: hər müştəri ayrıca tenant kimi. Müştərinin bütün resursları onun adı altında toplanır.
  • Virtual maşınlar: hər VM, onun IP-ləri və sahibi.

Avtomatlaşdırma: sifarişdən VM-ə qədər

Müştəri portalda VPS sifariş edəndə proses belə gedir:

  1. Portal NetBox-a sorğu göndərir.
  2. Müştərinin ilk VM-idirsə, NetBox-da onun üçün yeni tenant yaradılır. Növbəti VM-lər eyni tenant-a düşür.
  3. NetBox boş IP ayırır və onu müştəriyə bağlayır.
  4. Virtualizasiya platformasında VM məhz bu məlumatlarla yaradılır.

Heç bir addımda insan IP seçmir və cədvələ baxmır. Bu, həm sürətdir, həm də səhvin qarşısını alır: eyni IP iki müştəriyə verilə bilməz.

Yolda öyrəndiklərimiz

  • Əvvəl «quru» rejim. Avtomatlaşdırmanı canlıya qoşmazdan əvvəl uzun müddət «dry-run» rejimində işlətdik: sistem nə edəcəyini yazırdı, amma heç nəyi dəyişmirdi. Səhvlərin çoxu elə orada tutuldu.
  • Toplu məlumat UI ilə daxil edilmir. Yüzlərlə IP və ya VLAN-ı veb interfeysdən bir-bir yazmaq həm yorucudur, həm də səhv mənbəyidir. Bunu skriptlərlə edirik, bir dəfə yoxlayıb bir dəfə işə salırıq.
  • Böyük dəyişiklik əvvəl NetBox-da. Yeni IPv6 blokuna keçəndə ilk iş NetBox-da aqreqat və prefiksləri yeniləmək oldu. Firewall qaydaları və marşrutlaşdırma bundan sonra gəldi. Belə olanda «haradasa köhnə blok qalıb» problemi yaranmır.
  • Hər şeyi saxlamağa çalışmayın. NetBox-a hər detalı doldurmaq istəyi böyükdür. Biz yalnız avtomatlaşdırmanın istifadə etdiyi məlumatı saxlayırıq. İstifadə olunmayan sahə tez köhnəlir.

Nəticə

NetBox-un dəyəri onu nə qədər doldurmağınızda deyil, ona nə qədər etibar edə bilməyinizdədir. Etibar isə yalnız bir yolla gəlir: real sistem NetBox-dan qidalananda.

Əgər siz də NetBox-u infrastrukturun mərkəzinə çevirmək istəyirsinizsə, kiçikdən başlayın: bir prosesi (məsələn, IP ayırmanı) tam NetBox-dan asılı edin, sonra növbətisinə keçin.

JezaHost Bakıda yerləşən bulud provayderidir. Bu yazıda təsvir olunan infrastruktur üzərində VPS xidmətlərimiz işləyir.