- bgp
- network
- ripe
Bakıda öz ASN-inizlə: BGP sessiyasını necə alırsınız
Öz ASN-iniz və IP blokunuz varsa, onları Bakıdan VPS üzərində BGP sessiyası ilə elan edə bilərsiniz. Sorğudan prefikslərin dünyada görünməsinədək bütün addımlar, müştəri gözü ilə.
Öz ASN-iniz və IP blokunuz varsa, onları Bakıdan elan etmək üçün çox seçim yoxdur. JezaHost-da VPS üzərində BGP sessiyası təklif edirik: prefiksləriniz bizim şəbəkə (AS218452) vasitəsilə dünyaya çıxır, siz isə marşrutlaşdırmanı öz serverinizdə (BIRD, FRR və ya istədiyiniz proqramla) idarə edirsiniz. Bu yazıda prosesi müştəri gözü ilə, addım-addım izah edirik.
Nə lazımdır
- Öz ASN-iniz.
- RIPE-da qeydiyyatlı IP blokunuz: IPv4 üçün ən azı /24, IPv6 üçün ən azı /48.
- Hər prefiks üçün RIPE-da route (IPv4) və ya route6 (IPv6) obyekti, origin olaraq sizin ASN.
- RPKI (ROA): tövsiyə olunur, etibarsız (invalid) prefiks qəbul olunmur.
- İstənilən Linux VPS-imiz. Ən kiçik paket də kifayətdir.
Addım 1: sorğu və avtomatik yoxlamalar
VPS-i aldıqdan sonra portalda onun səhifəsindən BGP sorğusu göndərirsiniz: ASN və prefikslər. Forma dərhal RIPE məlumatlarını yoxlayır: ASN-in statusu, aut-num obyekti, route/route6 obyektləri, RPKI vəziyyəti və prefiksin hazırda başqası tərəfindən elan olunub-olunmadığı. Nəticəni elə orada görürsünüz: harada problem varsa, nə düzəltmək lazım olduğu yazılır.
Addım 2: LOA
Portal sizin məlumatlarınızla LOA (icazə məktubu) hazırlayır. Onu yükləyir, imzalayır və geri yükləyirsiniz. LOA yuxarı provayderlər üçün sübutdur ki, prefiksləri bizim vasitəmizlə elan etməyə icazə vermisiniz.
Addım 3: aut-num obyekti
RIPE-da aut-num obyektinizə iki şəbəkə üçün sətirlər əlavə edin: bizim üçün (AS218452) və yuxarı provayderimiz üçün (AS200154). İkincisi çox vaxt unudulur, amma o olmadan bəzi backbone-lar prefiksi qəbul etmir:
import: from AS218452 accept ANY
export: to AS218452 announce AS<sizin ASN>
import: from AS200154 accept ANY
export: to AS200154 announce AS<sizin ASN>IPv6 üçün eyni sətirlər mp-import və mp-export ilə.
Addım 4: təsdiq və ödəniş
Sorğuya bir iş günü ərzində baxırıq. Ödəniş yalnız təsdiqdən sonra açılır, yəni təsdiq olunmayan sorğuya görə heç nə ödəmirsiniz. BGP xidməti aylıq 15 AZN-dir.
Addım 5: sessiya
Ödənişdən sonra VPS-inizə BGP üçün ayrıca şəbəkə interfeysi qoşulur, reboot lazım deyil. Portalda bunları görürsünüz:
- sizin link ünvanlarınız (IPv4 və IPv6),
- bizim iki qonşumuz: iki ayrı switch, ehtiyat üçün hər ikisi ilə sessiya qurursunuz,
- MD5 parolu.
Bizdən yalnız defolt marşrut gəlir. Sizdən yalnız təsdiqlənmiş prefikslər, dəqiq uzunluqda qəbul olunur. Sessiya adətən konfiqurasiyanı qurduğunuz kimi qalxır.
Addım 6: dünyaya çıxış
Sessiya qalxanda prefiksləriniz bizə çatır, sonra yuxarı provayderlərin filtrləri yenilənir. Bu, adətən 1–2 iş günü çəkir. Bəzi yerli backbone-lar yeni prefiksi bir az gec qəbul edə bilər, bu müddətdə ölkədaxili trafik daha uzun yolla gələ bilər. Vəziyyəti bgp.tools kimi alətlərdə özünüz izləyə bilərsiniz: prefiksinizin yolunda AS218452 görünməlidir.
Real nümunə
Bu yaxınlarda bir müştərimiz sorğunu axşam göndərdi, eyni gecə dörd sessiyası (IPv4 və IPv6, iki switch ilə) qalxdı, ertəsi gün prefiksləri dünyada görünürdü.
Suallar?
BGP-də yenisinizsə və konfiqurasiya ilə bağlı sualınız olsa, ticket, e-poçt ([email protected]) və ya WhatsApp vasitəsilə istiqamət veririk. Serverinizə uzaqdan qoşulmuruq, konfiqurasiya sizin nəzarətinizdə qalır.
Başlamaq üçün VPS paketlərinə baxın və ya BGP sorğusunu portalda açın.